MİLLƏT VƏKİLİ
BAHAR MURADOVA
Bahar Muradova — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Siyasi elmlər üzrə fəlsəfə doktorudur (2009).
Həyatı Bahar Muradova 1962-ci il martın 20-də Füzuli şəhərində anadan olub. O, əslən Füzuli rayonunun Yağlıvənd kəndindəndir. Milliyyətcə azərbaycanlıdır. 1977-ci ildə Füzuli şəhər 3 saylı orta məktəbin 8-ci sinfini tərifnamə ilə, 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə, 1990-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə «Qayğı» Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.
Siyasi fəaliyyəti 1993-1995-ci illərdə Yasamal Rayon İcra Hakimiyyətinin təlimatçısı, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin referenti vəzifələrində çalışıb. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP-ın I (1999), II (2000) və III (2005) qurultaylarında partiyanın Siyasi Şurasının və İdarə Heyətinin üzvü seçilib. 1995-ci ildən YAP Qadınlar Şurasının sədr müavini, 2000-ci ildən partiyanın icra katibinin müavinidir. 2000-2005-ci illərdə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2005-ci il noyabrın 6-da 84 saylı Füzuli seçki dairəsindən üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib. 2010-cu il noyabrın 7-də 84 saylı Füzuli seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. 2010-cu ilin dekabrında "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının keçirdiyi rəy sorğusunun nəticələrinə görə Bahar Muradova "Gənclərin Dostu" elan edilib. 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Elmi fəaliyyəti AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 30 oktyabr 2009-cu ildə keçirilən müdafiədə Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (İxtisasın kodu və adı: 23.00.04 - Beynəlxalq münasibətlərin və qlobal inkişafın siyasi problemləri). Dissertasiyanın adı "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in rolu" olmuşdur. Elmi rəhbəri tarix elmləri doktoru, professor Ə.M. Həsənov, rəsmi opponentləri tarix elmləri doktoru, professor M.C. Qasımlı və siyasi elmlər namizədi H.B. Məmmədov olmuşdur Ailəlidir, bir qızı var.
|