Azərbaycan Respublikasının Füzuli Rayonu 23 avqust 1993-cü ildə Rusiya dəstəkli Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi köçkün məskunlaşmışdır. Ümumilikdə rayonun 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1 kvadrat km-ə 192 nəfər düşür. Rayonun tarixi haqqında: Respublikamızın iri yaşayış məntəqələrindən olan Fuzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnboyu, Arazboyu və Fuzuli – Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə boyuk şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Füzuli rayonu adlandırılmışdır. Rayonun sahəsi 1386 kvadrat km, əhalisi isə 105 min nəfərdir.
İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləridir.
Hazırda rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 22 kənd vardır. Respublika Prezidentinin 7 sentyabr 2001-ci il tarixli 577 saylı və 13 may 2002-ci il tarixli 700 saylı Fərmanları ilə Dovlət Neft Fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə məcburi köçkün ailələri ucun yeni qəsəbələr salınmışdır.
Füzuli rayonu 1970-ci ildən böyük inkişaf yolu kecmiş, tərəqqi etmiş, sənaye və müasir kənd təsərrüfatı rayonuna çevrilmişdir. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri muəssisə və təşkilat, dram teatrı, mədəniyyət evi, kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl rayonun kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq olmuşdur. 15 kolxoz və 26 sovxoz var idi. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min hektar otlaq sahələri var idi. Rayonda Araz çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardır. 1980-ci ilədək pambıqçılığa geniş yer verilmişdi. Sonralar rayonun təsərrüfatları üzümçülük üzrə ixtisaslaşmışdı. 17,4 min hektarda üzüm bağları salınmışdı. Üzümçülükdə ən yüksək məhsuldarlıq 1985-ci ildə olmuş, 120 min ton üzüm yığılmışdır.
İşğaldan əvvəl təsərrüfatlarda 17600 baş qaramal, 70000 baş qoyun və keçi saxlanılırdı. Rayon 23 avqust 1993-cü ildə tam işğal olunmuşdur. 1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.
Hazırda ərazidə 54 min nəfər məcburi köçkün məskunlaşmışdır. Ümumilikdə rayonun 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1 kvadrat km-ə 192 nəfər düşür.
1997-ci ildən başlayaraq rayonda işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata keçirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır. Hazırda rayonun özəl bölmələrində 17328 baş qaramal, 60 min başa yaxın qoyun və keçi vardır.
İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və iki texniki peşə məktəbi, 65 məktəbəqədər uşaq bağcası, 90 kitabxana, 79 klub müəssisəsi, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi. Bunlardan 38 ümumtəhsil müəssisəsi, 2 texniki peşə məktəbi, 15 uşaq bağcası, 28 kitabxana, 19 klub müəssisəsi, 5 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi işğaldan azad olunmuş ərazidə fəaliyyət gostərir. İşğal olunan əraziyə qayıdışdan ötən müddət ərzində 21 məktəb binası müasir tələblərə cavab verən səviyyədə bərpa olunmuş, 8 məktəb binası yenidən tikilmiş, 11 tibb müəssisəsi bərpa olunmuş, 8 tibb müəssisəsi yenidən tikilmiş, ermənilər tərəfindən dağıdılmış və yandırılmış 3 mindən çox ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilmişdir. Bundan başqa həmin müddətdə xeyli xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunmuşdur.
Füzuli tarix və memarlıq abidələri ilə zəngin bir rayondur. Memarlıq abidələrindən XIII əsr Əhmədalılar türbəsi, XIII əsr Babi türbəsi, Aşağı Veysəlli məscidi, Qarğabazar kəndində XVII əsr Hacı Qiyasəddin məscidi, XVII əsr Karvansaray, XVIII əsr türbə, Qoçəhmədli kəndində XVIII əsr məscidi və s. vardır. Vaxtilə rayonda onlarca adama Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.
7 çağırış SSRİ Ali Sovetinin, 9 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 2 nəfər – İlyas Əfəndiyev və Elçin Əfəndiyev xalq yazıcısı, 2 nəfər – İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Hazırda Füzuli şəhəri və 78 kəndin 58-i erməni işğalı altındadır. Televiziya, radio, qəzet və digər kutləvi informasiya vasitələri: Rayonda ilk dəfə «Qızıl Araz» adlı qəzet 1931-ci ildə dərc olunmuşdur. Həmin qəzet 1966-cı ilə qədər «Qızıl Araz», 1966-cı ildən sonra isə «Araz» adı ilə dərc olunmuş, Füzuli rayon partiya komitəsinin və rayon XDS-nin orqanı kimi fəaliyyət gostərmişdir.
Erməni işğalından sonra rayonda qəzetin fəaliyyəti 1997-ci ildə bərpa olunmuşdur. Məcburi kockunlərin işğaldan azad olunmuş əraziyə geri qayıdaraq məskunlaşmasının rəmzi olaraq rayon İcra Hakimiyyətinin və redaksiyanın yaradıcı kollektivinin orqanı kimi qəzet hazırda «Qayıdış» adı ilə dərc olunur.
Avtomobil və dəmir yolları: Rayonun ərazisindən Bakı-Naxçıvan dəmir yol xətti kecir. Rayon ərazisində dəmir yol xəttinin uzunluğu 36 km-dir və dördüncü kateqoriyaya aiddir. Bakı-Naxçıvan magistral yolu Füzuli rayonu ərazisindən keçir.
Hazırda işğaldan azad olunmuş ərazidə respublika əhəmiyyətli 110 km uzunluğunda avtomobil yolu vardır və həmin yollar üçüncü kateqoriyalı sayılır.
Tarixi və memarlıq abidələri: İşğal altında olan dini və mədəniyyət abidələri –
1. Qarğabazar kəndində XVII əsr karvansarayı
2. Qarğabazar kəndində XVII əsr məscid binası
3. Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi
4. Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi
5. Qoçəhmədli kəndində XVIII əsr məscid binası
6. Qoçəhmədli kəndində XVIII əsr yaşayış binası
7. Horadiz kəndində XIX əsr məscid binası
8. Horadiz kəndində XIX əsr İmamzadə türbəsi
9. Füzuli şəhərində XIX əsr məscid binası
10. Aşağı Aybasanlı kəndində XVIII əsr İbrahim türbəsi
11. Qacar kəndində XIX əsr məscid binası
12. Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası
13. Mərdinli kəndində XIX əsr məscid binası
14. Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü).
15. Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı.
İşğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr –
1. Babi kəndində XIII əsr Şeyx Babi Yaqub türbəsi
2. Əhmədalılar kəndində XIII əsr Arqalı türbəsi
3. Böyük Bəhmənli kəndində XIX əsr məscid binası.
Ermənistanın işğalı nəticəsində dağıdılmış mədəni abidələr: İşğal altında 10-dan cox yaşayış və kurqan tipli arxeoloji abidə qalmışdır. Həm işğal altında olan, həm də işğaldan azad olunmuş ərazidə olan tarixi abidələr erməni işğalcıları tərəfindən dağıdılmışdır.
Qaynaq: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanası
|