2017-11-23
FÜZULİ  RAYONU
              QƏDİM YAŞAYIŞ MƏSKƏNİ                          

 

 

1-CI.BIZ Reytinq Sistemi
 
Baş SƏHİFƏ» FƏXRİ SAKİNLƏRİMİZ» SEYİD ŞUŞİNSKİ
SEYİD ŞUŞİNSKİ
        
 
 
 
        SEYİD  ŞUŞİNSKİ
 
 
 
 
 
 
 
      
 
 
             Azərbaycanda Şuşinski soyadlı 3 xanəndə olub. Onlardan biri - Musa Şuşinski çox az tanınıb. O, ötən əsrin əvvəllərində yaşayıb. Daha biri - Xan Şuşinski (Xan əmi) yetərincə tanınır. Elə öz adıyla bəzi kinofilmlərə də çəkilib. Daha bir Şuşinski də məşhurdur ki, bu Azərbaycan Republikasının xalq artisti, «Şərəf nişanı» ordenli, əməkdar müəllim, dövrünün ən dəbdə olan varlı xanəndəsi Seyid Şu şinskidir.
          Adlandırılması...
         Mir Möhsün Ağa Seyid İbrahim oğlu Şuşinski 1889-cu il aprelin 12-də Şuşa qəzasının Horadiz kəndində anadan olmuşdur.
       Musiqi araşdırıcısı Firidun Şuşinski onu «2-ci xanəndə» adlandırıb («1-ci» - Cabbar Qaryağdıoğlu imiş). Kitablara, xatirələrə göz atınca, bu adı xanəndənin səs imkanlarından baş çıxaranların verdiyini iddia etmək olar. Musiqiçilərin hörmətlə «Ağa» deyə üz tutduğu Seyid Şuşinskinin tam adı Mir Möhsün Ağa Seyid olduğundan, «Ağa» müraciəti də bu addan götürülüb.
       Mir Möhsün uşaq yaşlarından atasını itirmiş, tərbiyəsi ilə xalası Məşədi Hürzad məşğul olmuşdur. Dövrünün savadlı və açıqfikirli qadını olan Məşədi Hürzad Qarabağın qadın toylarında xanəndəlik edərmiş. 
       Gənc Seyid ilk təhsilini Horadizdə, mədrəsədə almışdır. Mədrəsə təhsilini başa vuran Seyid dərzilik sənəti ilə məşğul olmuşdur. O, arabir dini mərasimlərdə və el şənliklərində çıxış etmişdir.
        Toylarda ilk çıxışları...
      Ərəb və fars dillərini öyrənən Seyid xalasıyla toy məc lislərinə getməyə başlayır. Onun tanınmasında Tuğlu aşıq Aleksanın da rolu olub. Belə ki, Seyid bu erməni aşığının dəstəsinə qoşulub toylarda oxuyarmış. 1907-ci ildə belə toylardan birində onun səsini ünlü xanəndə Keçəçioğlu Məhəmməd də eşidir. Keçəçioğlu Seyidin səsindən xoşlanır və onun əmisinə məsləhət görür ki, uşağın musiqi təhsili ilə ciddi məşğul olsun. Əmi də neyləsin-neyləməsin, «uşağı» Şuşaya öz evinə aparır. Bu ev Cabbar Qaryağdıoğlugilin qonşuluğunda imiş. Seyidin muğam öyrənməsində əmisi Məşədi Seyidəlinin əməyi az olmamışdır. Əmisi Seyidin musiqi təhsili ilə məşğul olur, Sədinin, Hafizin, Füzulinin və Zakirin şeirlərini Seyidə əzbərlədib, muğam üstündə oxudur və Nəvvabın musiqi məclislərinə qatılır, Cabbar əminin qrammofon valları bir yana, canlı səsini də eşidir. Həmçinin gənc Seyidin bir xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun həlledici təsiri olmuşdur. 
          Profissional səhnədə ilk çıxışı...
       S.Şuşinskinin ilk çıxışı 1908-ci ildə Şuşalılar qarşısında «Yay klub»unda olmuşdur. Məşhur xanəndə İslam Abdullayev həmin konserti belə xatırlayır: «Biletlər bir həftə qabaq satılıb qurtarmışdı. Axşam saat 9-da konsert başlandı. Cabbar, Qasım, Məşədi Məmməd, Həmid və Keçəçioğlu oxuduqdan sonra Azad bəy Əmirov gənc Seyidin «Mani» oxuyacağını elan etdi. Sonra Seyidə «Bayatı-Şiraz» oxutdular. Seyid «Bayatı-Şiraz»ın «Xavərən» şöbəsindən «Qatar»a keçəndə nəinki dinləyiciləri, hətta məşhur xanəndələri belə heyran etdi. Çünki «Xavərən»dən «Qatar»a keçmək xanəndədən zil səsdən başqa, həm ustalıq, həm də cəsarət tələb edir. Gənc Seyidini ustalıqla bir muğamdan başqa bir muğama keçməsi, doğrusu, mənə möcüzə kimi göründü. Seyid tarın son pərdələrindən aşağı enərək, təkrar zəngulələr vuranda, Cabbar əlindəki qavalı kənara qoyub, böyük bir heyrət içərisində Seyidə tamaşa edirdi». Seyid dəstgahı qurtarıb ayağa qalxdıqda salondakı tamaşaçılar uzun zaman gənc xanəndəni alqışladılar. Camaat sakitləşmirdi. Nəhayət, Xan sarayında xidmət etmiş, şəhərdə hörmətli şəxslərdən biri Xanlıq Muxtar iki dəfə göyə güllə atdıqdan sonra tamaşaçılar sakit oldular. Keçəçioğlu Məhəmməd əlini göyə qaldırıb deyir: «İlahi, şükür yaratdığına!..». Seyidə üçüncü dəfə «Şəkər oğulun şikəstəsi»ni oxutdular. Sonra Cabbar Qaryağdıoğlu səhnəyə qalxıb Seyidi bağrına basaraq, gözləri yaşarmış halda dedi: «Camaat! İndi mən ölsəm də, daha qəmim yoxdur, çünki məndən sonra Seyid vardır». Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək öz qavalını ona bağışlamışdı və onu Şərq musiqisinin incisi adlandırmışdır. Bəlkə də «2-ci xanəndə» adlandırılması bundan irəli gəlir... 
           Musiqi təhsili...
      O gündən Seyidin şöhrəti artır, onun cazibəli səsini dinləməyə hamı can atırdı. Əmisi Məşədi Seyidəli Seyidin toylarda oxumasına icazə vermirdi ki, o hələ uşaqdır, Se yid xanəndəlik etməkdən əvvəl, musiqi aləminin sirlərini öyrənməlidir. Ona görə klassik Şərq muğamlarını və xalq musiqisini dərindən öyrənmək üçün Seyidəli gənc Seyidi Nəvvabın yanına aparır. Seyid Nəvvabın hücrəsində iki ildən artıq musiqi təhsili alır. 1910-cu ildə Nəvvab gənc Seyidə şənliklərdə, musiqi məclislərində oxumasını məsləhət görür. 
       Məşhurlaşması
      Seyid 1911-ci ilədək Şuşada yaşayır. Həmin il Seyid toy məclislərinin birində Məşədi Cəmil Əmirovla tanış olur (Fikrət Əmirovun atası ilə). Məşədi Cəmil onun ifasını bəyənir və özüylə Gəncəyə aparır. «Ağa» gəncəlilərin də sevimlisinə çevrilir. Şəhərin «Tehran» otelində yaşayan xanəndə o qədər məşhurlaşır ki, onu Tiflisə çağırırlar. Və Tiflisə köçərək, 1919-cu ilədək orada yaşayır. O zamanlar Tiflis Qafqazda mədəni həyatın mərkəzi sayılırdı. 22 yaşlı xanəndə bu həyata həvəslə qatılır: teatrlara gedir, tamaşalararası fasilələrdə konsertlər verir. Tiflisdə ilk çıxışını «Abşestvennıye sabraniye» klubunda etmişdir. Seyid Şuşinski buradakı soydaşlarına «Cıdır düzü»ndə maddi yardım da göstərir. 
         Xeyriyyəçi kimi 
       1912-ci ildə «Molla Nəsrəddin» dərgisinin naşiri Mirzə Cəlilin, Əlimirzə Nərimanovun, Yusifbəy Tahirovun təşəbbüsü və Seyid Şuşinskinin şəxsən yaxından köməyi ilə Tiflisin azərbaycanlılar yaşayan məhəlləsində - Şeytanbazarda «Auditoriya» adlı klub açılır. Klubun açılışı günü Seyid Şuşinski tarzən Məşədi Zeynalın müşayiəti ilə «Mahur» oxumuşdur. Konsertdə əldə edilən pulun hamısını Seyid kluba vermişdir. «Auditoriya» klubu da Seyid Şuşinskinin maddi yardımı nəticəsində açılmışdır. Seyid Şuşinski eyni zamanda bu klubun nəzdindəki Müsəlman Dram Cəmiyyətinin aktyorlarına da yardım əlini uzadır. Ən maraqlısı da odur ki, İbn-Salam, Əsgər, Sərvər obrazlarını yaradır və bu rollarına görə pul almaqdan imtina edir. Yenə də yoxsul sənətçilərin xeyrinə...
         Mirzə Cəlil 1913-cü ildə aktyor Hacağa Abbasova belə söyləyib: «Hacağa, son 2 ayda jurnalımız çıxmırdı. Yaxşı ki, Seyid Batumdan gəldi və «Molla Nəsrəddin»in pulunu verdi...Dübarə, mənə 200 manat da qızıl pul göndərdi».
       Seyid Şuşinski varlı adam olub. Elə, Bakı aktyorları da pulsuzlayanda Tiflisə gedər və «Ağa»nın səxavətindən yararlanarmışlar. O, paltarı olmayana geyim alar, qarnını doyurar, Bakıya qayıdanda da hər birinə hədiyyə və yolxərci verərmiş.

Dövrünün ən dəbdə olan xanəndəsi kimi...
      Tiflis məclislərində pul bir yana, Seyidin başına daş-qaş yağdırılarmış. Onun oxumağından bayılan gözəllər brilyant üzüklərini çıxarıb Seyidin qavalına atarmışlar. Gənc xanəndə Hətta məclislərdən birində onun başına (gün vurmasın deyə) üstündə rus çarının şəkli olan beşyüzlük əskinaslardan papaq qoyublarmış. Qurban Primov Seyid haqqında xatirələrində bu barədə belə yazır: «Seyidlə Şuşanın Mirzələr kəndində toyda idik. Hava isti idi. Seyid oxuyandan sonra üstündə rus çarının şəkli olan bir neçə palazqulaq beş yüzlükdən ona şlyapa düzəldib, papağın əvəzinə başına qoyub dedilər:
- Ağa, hava istidir. Bu kağız şlyapanı qoy ki, sərin olsun»…
        O, Qafqaz canişininin «Saray müğənnisi» olmaqla yanaşı, həm də şəxsi restoran, mehmanxana sahibi idi. Hətta «Mersedes» markalı avtomobili vardı. Seyid öz dövrünün dəbdə olan xanəndəsi idi.
       O vaxtlar Bakının teatr truppaları Tiflisə qastrola gələrmişlər. Belə səfərlərin birində Seyid Azərbaycan səhnəsinin əfsanəsi Hüseyn Ərəblinski ilə tanış olur. Bu tanışlıq dostluğa çevrilir. Həmin dostluqla Tiflisdə gerçəkləşdirilən «Şərq konsertləri»nin təməli qoyulur. Seyid bu konsertlərə frakda çıxırmış. Firidun Şuşinski xatirələrində yazır ki, «Seyid Şuşinski ilk dəfə əynində frak kostyum, ağ ipək köynək, əllərində ağ əlcək, cibində ağ ipək dəsmal, döşündə qızıl medalyon, boynunda qara bant səhnəyə çıxanda tamaşaçıları heyrət bürümüşdü». Hüseyn Ərəblinski Seyidi daha bir «ilk»ə həvəsləndirib: tar və kamançasız, fortepianonun müşayiətiylə ayaq üstündə «Bayatı-İsfahan» oxumağa!.. 
          Yaradıcılığı...
      Seyid Şuşinski yaradıcılığını milli vokal sənətinin zənginləşməsinə sərf etmişdir.
        Azərbaycan musiqisinin və xalq mahnılarınn təbliği sahəsində Seyid Şuşinskinin xidməti böyükdür. Onun 1933-cü ildə təşkil etdiyi «Şərq musiqi ansamblı» ilə keçmiş SSRİ-nin müxtəlif şəhərlərində verdikləri konsertlər alqışlarla qarşılanmışdır.
        S.Şuşinski klassik, Şərq və Azərbaycan muğamlarının incəliklərinə dərindən bələd olan xanəndə idi. Onun gözəl və şaqraq zəngulələri (burunda və dişdə oxumaq) və uzun nəfəsləri dinləyiciləri valeh etmişdir. Üzeyir Hacıbəyov Seyid Şuşinskini nadir və istedadlı xanəndə adlandırmışdır.
        Seyid Şuşinski yenilik axtaran sənətkar idi. O, bir çox muğamlara yeni guşələr,xallar, nəfəslər, hətta hissələr əlavə etmişdir. «Rast» və «Kürdü-Şahnaz» muğamlarının «Dilkeş» hissəsini dinləyicilərinə ilk dəfə çatdıran Seyid olmuşdur. Böyük sənətkar həm də bir çox muğamları birləşdirib oxumuşdur, Cabbar Qaryağdı oğlunun yolunu muğamdan-muğama keçmə (modulyasiya) üsulunu öz yaradıcılığında uğurla tətbiq etmişdir.
       Seyid Şuşinski, Mirzə Cəlil, Əblürrəhimbəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi.
       Fikrət Əmirov ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazarkən, Seyid Şuşinskinin məsləhətçi kimi ona böyük köməyi olmuşdu. Fikrət Əmirov Seyid Şuşinskini xalq musiqimizin çırpınan ürəyi adlandırırdı. Eyni zamanda, Niyazinin «Rast» simfonik muğamlarının yaranmasında yaxından köməklik göstərmişdir.
       Seyid Şuşinskinin oxuduğu «Cahargah», «Nəva», «Bayatı-İsfahan», «Humayun», «Rast», «Mahur», «Zabul», «Kürdü-Şahnaz», «Mirzə Hüseyn segahı», «Mani», «Arazbari», «Mənsuriyyə» muğamları böyük rəğbətlə qarşılanmışdır.
       1963-cü ildə, 74 yaşında onun «Heyratı», «Mani», «Arazbarı», muğamlarını zil səslə oxuması hər xanəndəyə nəsib olmayan ustalıqdır.
      Onun oxuduğu muğamlar içərisində «Çahargah» xüsusi yer tutur. Seyid Şuşinski novator xanəndə idi. O, «Cahargah»ın müqəddiməsini başlayarkən, muğamı «maye»sindən, yəni «Cöhrəvi» hissəsindən yox, məhz muğamın səkkizinci hissəsi olan «Mənsuriyyə» üstündə zildən 10-15 dəqiqə «Bərdaşt» etdikdən sonra muğamın «maye»sinə qayıtmışdır. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.

Populyarlaşdırdığı şairlər...
        Seyid Şuşinski yaradıcılığında Hafiz, Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Cavidin və Sabirin şerlərinə də müraciət edirdi. Seyid Mirzə Ələkbər Sabiri populyarlaşdırıb. O, Sabirin «Millət necə tarac olur-olsun, nə işim var?» satirik şeirini «Zabul» üstündə oxuyub. Hüseyn Caviddən oxuduğu bu misraları isə «Çahargah» üstündə səsləndirib. Seyid Şuşinski siyasi-ictimai mövzuda şer və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.
       Böyük sənətkarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o şairənin qəzəllərini "Segah" üstündə oxuyarmış. Və ondan bəri, demək olar ki, bu günə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub, ilham alırlar.

Müəllim kimi fəaliyyəti...
       Seyid Şuşinski, 1926-cı ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına dəvət olunur. Cabbar Qaryağdıoğlu və Keçəçioğlu Məhəmməd ilə birlikdə yeni açılmış xanəndəlik sinfində müəllim işləyir.
          Seyid Şuşinski Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik etdiyi illərdə (1926-1933) gənc sənətkarların musiqi təhsili ilə yaxından məşğul olmaqla bərabər, həm də Bakının musiqi həyatında da səmərəli fəaliyyət göstərmişdir.
        Böyük sənətkar Seyid Şuşinski görkəmli pedaqoq kimi Zülfü Adıgözəlov, Xan Şuşinski, Həqiqət Rzayeva, Əlibaba Məmmədov, İslam Rzayev, Yaqub Məmmədov, Rübabə Muradova və başqalarının xanəndə kimi yetişməsində böyük əməyi olmuşdur.
        O, kommunistlər dövründə də belini bükməyib. Firidun Şuşinski yazır: «Əynində İndiqodan tikilmiş paltar, qara ipək köynək, başında gümüşü papaq («heyvaçiçəyi»), əlində ağ əlcək və fil sümüyündən hazırlanmış əsa olub» . Repressiyanın şıdırğı çağlarında - 1933-38-ci illərdə Füzuli rayon Dövlət Dram Teatrının bədii rəhbəri çalışıb. Sonra 1939-1960-cı illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solist olmuş, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operalarının məsləhətçisi işləmişdir.

Bakı həyatı...
                                                  
      Seyid Şuşinski 1919-cu ildən sonra ömrünün sonunadək Bakıda yaşayıb. Ancaq buna qədər bir dəfə də bu neft şəhərinə gəlibmiş - 1916-cı ildə. Həmin il Tağıyev Teatrında «Ölülər» tamaşası gedirmiş. Fasilədə Seyid «Qatar»ı oxuyub. Üstəlik, elə oxuyub ki, tamaşalarda həmişə şuluqluq salan qoçular quzuya dönüblər. 3 il sonra həyatının Bakı dönəmi başlayıb. Bu dönəm Seyidin dünyasını dəyişdiyi 1965-ci ilədək, düz 46 il çəkib. Bakını və bakılıları çox sevib. Onlardan da eyni sayğı-sevgini görüb.

Vəfatı...
   Seyid Şuşinski 1965-ci ildə vəfat etmişdir. «Kommunist» qəzeti çap etdiyi nekroloqda yazmışdı: «Qocaman xanəndəmiz, qayğıkeş müəllim, son dərəcə təvazökar bir insan - Seyid Şuşinski vəfat etmişdir. O, ömrünün 60 ilini Azərbaycan musiqi mədəniyyətinin inkişafına həsr etmiş, gözəl səsi ilə xalqımızın sevimli müğənnisi olmuş, Yaxın və Orta Şərqdə şöhrət tapmışdır».
 
                                                                                       Nizami Nikbin
Mövzu: FƏXRİ SAKİNLƏRİMİZ| Baxılıb: 2929 | Daxil etdi: Zaur1987| Açar sözlər: SEYİD ŞUŞİNSKİ
Şərhlər: 3
3  
Müəllif Hüquqların qoruduğunuza görə öz adımdan təşəkkür edirəm...

2  
ALLAH REHMET ELESIN.sayt FULLLLLL.

1  
Mən açığı elə bilirdim ki, Seyid Şuşinski Şuşalıdır.Mənim fikrimcə Seyid Şuşinski Xan Şuşinskidən də gözəl səsə malik olub. Allah hər ikisinə də rəhmət eləsin.

P.S. Sayt çox maraqlıdır.......tşkrlər


                                                                                                                
Ad *:         
E-mail: 
 
Code *:
AXTARIŞ
Мини-чат
Статистика

Saytda olanlar : 1
Qonaqlarımız: 1
İstifadəçilər: 0
free counters
Создать бесплатный сайт с uCoz